İyunun 11-də Bakıda Rusiyanın dövlət bayramı - Rusiya Günü münasibətilə qəbul təşkil edilib.

23:28 - 11.06.2018


11 iyun, Fineko/abc.az. İyunun 11-də Bakıda Rusiyanın dövlət bayramı - Rusiya Günü münasibətilə qəbul təşkil edilib.Tədbir Azərbaycanın və Rusiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Qəbulda çıxış edən Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Mixail Boçarnikov ölkəsinin keçdiyi inkişaf yolu barədə məlumat verib.

Səfir Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafından danışaraq əməkdaşlığın sabit şəkildə davam edəcəyinə əminliyini bildirib: “Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə saxlanmasında dövlət başçılarının böyük rolu var və gələcəkdə bu ənənənin davam edəcəyinə heç bir şübhəm yoxdur”. O vurğulayıb ki, dostluq və tərəfdaşlıq, eyni zamanda, yaxşı qonşuluq münasibətləri Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın bütün sahələrini əhatə edir. Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Humanitar istiqamətdə, eləcə də enerji, nəqliyyat, logistika sahələrində əməkdaşlıq genişlənir. Ticarət dövriyyəsini artırmaq istiqamətində işlər görülür.

Diplomat, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbriklərini çatdırıb.

Qəbulda çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycan hökuməti adından Rusiya xalqını təbrik edib. O, hər iki ölkənin əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Valeh Ələsgərov əlaqələrimizin əsasında ölkə rəhbərlərinin, hökumətlərin, eləcə də parlamentlərin mühüm rolunu qeyd edib. Vurğulayıb ki, əməkdaşlığın yüksək səviyyədə olması üçün ümidverici əsas şübhəsiz ki, ölkələrimizin prezidentləri arasında olan etibarlı münasibətlərdir. Azərbaycan və Rusiya bütün prioritet sahələrdə, o cümlədən diplomatik, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı möhkəmləndirməyə davam edəcək.

Milli Məclis sədrinin müavini deyib ki, Azərbaycanın Rusiya subyektləri ilə əlaqələri də inkişaf edir və humanitar sahədə əməkdaşlıq yüksək səviyyədədir. “Biz birgə səylərlə strateji tərəfdaşlıq əlaqələrini xalqlarımızın və dövlətlərimizin maraqları, regionda sülhün təminatı naminə daha yüksək səviyyəyə çatdıra bilərik”, - deyə o əlavə edib.

 

Bütün xəbərlər