Azərbaycan bu ölkəyə 7 milyon dollar yardım edib

10:01 - 10.01.2023


10 yanvar, Fineko/abc.az. Yanvarın 9-da Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfrans keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Tədbirin açılış hissəsində təşkilatçı qismində Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif və BMT Baş Katibi Antonio Quterreş çıxış edib, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğanın video müraciəti yayımlanıb.

Təşkilatçıların dəvəti ilə dünyanın 46 ölkə, eləcə də 48 beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın Xarici İşlər nazirinin müavini Elnur Məmmədov video konfrans vasitəsilə çıxış edib.

Nazir bildirib ki, 2010-cu ildən etibarən bu ölkədə fərqli illərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə indiyədək 7 milyon ABŞ dollarına yaxın məbləğdə töhfə verilib. Pakistan tarixinin ən ağır təbii fəlakəti hesab edilən son daşqınların səbəb olduğu dağıntıların aradan qaldırılmasına dəstək olaraq 2022-ci ilin avqust ayında Azərbaycanın Pakistana 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərdiyi nəzərə çatdırılıb.

Bütün xəbərlər