“Kromatix SA” şirkəti Ələtdə müəssisə yaradacaq

16:57 - 18.01.2023


18 yanvar, Fineko/abc.az. Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilib.

ABC.AZ xəbər verir ki, görüşdə “Kromatix SA” şirkətinin fəaliyyəti və istehsal etdiyi məhsullar, o cümlədən Azərbaycanda yeni texnologiyaların tətbiqi ilə enerjinin istehsalı məsələlərindən danışılıb.

“Şirkətin xüsusi texnologiya və örtüklər vasitəsilə bina fasadlarının şüşə hissələrinin günəş panelləri kimi istifadəsinə imkan verən texnologiyalar istehsal etdiyi bildirilib. Azərbaycanda dayanıqlı enerji təchizatına önəm verilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunması nəzərə alınaraq, ölkəmizdə həmin texnologiyaların bina və tikintilərdə də istifadəsinə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunub.

Rafik Hanbali "Kromatix SA" şirkətinin ölkəmizdə, xüsusilə Ələt Azad İqtisadi Zonasında müəssisənin yaradılması planları barədə dövlətimizin başçısına məlumat verib.

Bütün xəbərlər