Vergilər Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vergilərin yığılması sahəsində birgə fəaliyyət barədə razılığa gəldilər

13.06.2018,17:33


13 iyun, Fineko/abc.az. Vergilər Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  iki protokol imzalayıblar.

Vergilər Nazirliyinin məlumatında deyilir ki, protokolları nazirlər Mikayıl Cabbarov və Ramin Quluzadə imzalayıblar.

“Protokollar avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar istisna olmaqla sərnişin və yük daşımaları sahəsində vergilərin yığılması və  mobil cihazların qeydiyyata alınması ilə bağlı əməkdaşlığı müəyyən edir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, avtomobil nəqliyyatına aid razılaşma protokolunun imzalanmasında əsas məqsəd müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda vergilərin tam həcmdə və vaxtında yığılmasının təmin olunması sahəsində iki dövlət orqanı arasında əməkdaşlığın genişlərdirilməsidir.

Digər protokol isə fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasını və bu prosesə birgə nəzarət mexanizmlərini, habelə bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini müəyyən edir.