“Tələbələr üçün Ombudsman xidmətinin yaradılması” ilə bağlı Vyanada görüş

20:17 - 13.06.2018


13 iyun, Fineko/abc.az. 12-13 iyun tarixlərində Avstriyanın Vyana şəhərində Erasmus+ proqramı çərçivəsində “Tələbələr üçün Ombudsman xidmətinin yaradılması” (AESOP) layihəsi ilə bağlı növbəti görüş keçirilib.

Avstriyanın Təhsil, Elm və Tədqiqat Nazirliyinin nəzdində fəaliyyət göstərən Tələbə Ombudsman Ofisində baş tutan görüşdə Təhsil Nazirliyini Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları Nərgiz Qaraxanova və Vüsalə Qurbanova təmsil ediblər.

Sözügedən qurum layihənin tərəfdaşlarından biridir və digər benefisiar tərəfdaşlar (o cümlədən respublikamızın dörd ali təhsil müəssisəsi) Avstriyanın təcrübəsi ilə tanış olmaq üçün bu tədbirdə iştirak ediblər.

Tədbirdə ali təhsil müəssisələri yaratdıqları ombudsman ofisləri, layihə çərçivəsində gördükləri işlər, iş əsnasında yaranan problemlər barədə məlumatlar verib. Görüşdə layihə ilə bağlı gələcək addımlar müzakirə edilib, mövzu ətrafında geniş diskussiyalar aparılıb və tövsiyələr verilib.

Qeyd edək ki, layihə çərçivəsində cari ilin əvvəllərində Xəzər, Gəncə Dövlət, Naxçıvan Dövlət və Naxçıvan universitetlərində tələbələr üçün Ombudsman ofisləri yaradılıb. Həmin ofislərin yaradılmasında məqsəd tələbələrin akademik mühitdə yarana biləcək çətinliklərinin aradan qaldırılması üçün çıxış yollarının göstərilməsi, bu sahədə qanunvericiliklə bağlı tələbələrin məlumatlandırılması, onların hüquq və vəzifələrinin izah edilməsi, həmçinin təbliğat işlərinin aparılması və tələbələrin hüquqlarının müdafiəsidir.

Ofis işçiləri və Ombudsman tərəfləri məlumatla təmin edir, onları istiqamətləndirir, tələəblərin suallarına cavab tapmaqda kömək edir və aidiyyəti olan tərəflərə böhranlı vəziyyətin həlli yolunu tapmaqda yardım göstərir.

 

 

Bütün xəbərlər