ADİU və ADNSU-də "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda növbəti tədbir həyata keçirilmişdir

21:20 - 13.06.2018


13 iyun, Fineko/abc.az.  Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 13-də Azərbaycan Dövlət İqtisad Universiteti  və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlərin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 10 aprel 2018-ci il tarixli 38 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən Dövlət İmtahan Mərkəzi iyunun 13-də saat 11:00-da Azərbaycan Dövlət İqtisad Universiteti, saat 14:00-da isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlərin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbirlər keçirilmişdir.

Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov, Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov, Dövlət qulluğu məsələləri üzrə sektorun müdiri Kamil Baxşəliyev də iştirak etmişdir.

Görüşləri giriş nitqi ilə açan Mərkəzin Direktorlar Şurasının sədr müavini B.Xəlilov Mərkəz tərəfindən dövlət qulluğu və digər kadr siyasəti məsələlərində daha mükəmməl və şaffaf modelə nail olmaq məqsədilə həyata keçirilən tədbirlər, qanunvericilik bazasında edilmiş zəruri dəyişikliklərdən danışmış və Mərkəzin bu istiqamətdəki fəaliyyətinə diqqət çəkmişdir. Çıxışında ictimaiyyəti bu sahə ilə bağlı maarifləndirmək və zəruri məlumatlarla təmin etməyin Mərkəzin əsas vəzifələrindən biri olduğunu qeyd edən B.Xəlilov dövlət qulluğuna qəbul olmaq üçün elan edilmiş müsahibələr, müsabiqə üçün dövlət orqanları tərəfindən təqdim olunan vakant vəzifələr, dövlət qulluğunda çalışmağın üstünlükləri və s. məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.

Tədbirlərdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən iki təqdimat keçirilmişdir. Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov Mərkəzin dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətlər barədə, Dövlət qulluğu məsələləri və insan resursları şöbəsinin Dövlət qulluğu məsələləri üzrə sektorunun müdiri Kamil Baxşəliyev isə dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında, karyerada inkişaf və s. barədə məlumat vermişdir.

 

Bütün xəbərlər