Yod çatışmazlığını göstərən 10 əlamət

12:36 - 14.06.2018


14 iyun, Fineko/abc.az. Yod insan orqanizminin normal fəaliyyəti üçün vacib elementdir. Bu mineral mübadilə prosesləri və böyümədə, baş beynin inkişafı və yaraların sağalmasında vacib rol oynayan qalxanvari vəzi hormonlarının sintezində iştirak edir. Yod çatışmazlığı hipotireoza səbəb olur. Yetkin orqanizmin normal fəaliyyəti üçün sutkalıq 150 mkq yod qəbul olunmalıdır.

Hansı əlamətlər orqanizmdə yod çatışmazlığına işarə edir?

1. Çəkinin sürətlə artması

Buna səbəb hipotireozdur. Mübadilənin zəifləməsi səbəbindən qəbul edilən kalorilər piyə çevrilir.

2. Zəiflik və yorğunluq.

Yod defisiti olan şəxslər daimi zəiflik hiss edirlər, tez yorulurlar. Mübadilənin zəifləməsi səbəbindən orqanizmdə kifayət qədər enerji ayrılmır, əzələlərin işi pozulur.

3. Saçların tökülməsi

Qalxanvari vəz hormonları tük follukullarının möhkəmliyini təmin edir və çatışmazlığı saçların tökülməsinə səbəb olur.

4. Dəri quruluğu

Dəridə qabıqlanma və quruma hipotireozun əsas əlamətlərindəndir.

5. Daima üşümə

Maddələr mübadiləsinin zəifləməsi səbəbindən orqanizmdə onu isitməyə yetəcək qədər enerji yaranmır.

6. Nəbzin zəifləməsi

Yod çatışmayan şəxslərdə ürək yavaş və zəif vurur. Belə şəxslərdə ürək nahiyyəsində ağrı, təngnəfəslik,  baş gicəllənmə olur.

7. Yaddaşın zəifləməsi

Sinir sisteminin normal fəaliyyəti üçün qalxanvari vəzi hormonları böyük rol oynayır. Hipotireoz zamanı bu hormonlar azalır və yaddaş, diqqət, yeni informasiyanı mənimsəmə zəifləyir.

8. Hamilələrdə ağırlaşmalar

Hamilədə yod çatışmazlığı olarsa bətndaxilində uşağın inkişafı düzgün getmir. Bəzi hallarda hətta dölün ölümünə belə səbəb ola bilər.

9. Qeyri-requlyar və ya ağrılı menstruasiya

Hipotireoz qadınlarda tsikl pozğunluqlarına səbəb olur.

10. Zob xəstəliyi

Qalxanvari vəz hormonlarının kəskin azalması və ya xroniki yod çatışmazlığı qalxanvari vəzin ölçüsünün böyüməsinə və zob xəstəliyinə səbəb olur. Vəzin böyüməsinə səbəb isə kompensator olaraq vəzdə hüceyrə sayını artırmaqla hormonun səviyyəsini normallaşdırmaqdır.

 

Bütün xəbərlər