Nobel Oil şirkəti “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb

14:45 - 25.10.2017


Nobel Oil şirkəti şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusu ilə təltif olunub.

“Şəffaf Vergi Partnyorluğu” təcrübəsinin yaradılması vergi ödəyicisi və vergi orqanı arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində yeni yanaşmadır.

“Şəffaf Vergi Partnyoru” statusuna layiq olmaq üçün şirkət bir sıra meyarlara cavab verməlidir. Vergi ödəyicisi, ilk növbədə, vergiləri tam həcmdə və vaxtında ödəməli, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və milli uçot standartlarına uyğun, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparmamalı, son 3 il ərzində iqtisadi sahədə cinayət təqibinə məruz qalmayan ödəyici olmalıdır.

Nobel Oil ölkənin neft-qaz sektorunda aparıcı şirkətlərdən olaraq dayanaqlı inkişaf istiqamətində davamlı səylər göstərir. Şirkətlər qrupuna daxil olan Prokon və Global Energy Solutions şirkətləri də bu il Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülmüşdürlər.

Nobel Oil şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir.

 

Bütün xəbərlər