“Əlcəzair nümayəndə heyətinin Azərbaycana ilk səfəri əlamətdar tarixi hadisələrlə üst-üstə düşür”

22:04 - 19.06.2018


19 iyun, Fineko/abc.az. Mədəniyyət naziri Əbülfəs Qarayev iyunun 19-da ölkəmizdə səfərdə olan Əlcəzairin mədəniyyət naziri Azzedine Mihoubi ilə görüşdü.

Nazir Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana səfər edən əlcəzairli həmkarına dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirdi.

Azzedine Mihoubi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək bildirdi ki, əlcəzairlilər Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumatlı olsalar da, daha çox ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər haqqında bilgilərə malikdirlər: “Azərbaycan hökumətinin Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə əlaqədar tədbirə ev sahibliyi etməsi və bu tədbirdə iştirakla bağlı göndərdiyi dəvəti məmnunluqla qəbul etdik. Çünki bu səfər qarşılıqlı əlaqələrin qurulması üçün olduqca vacibdir”.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycanı təbrik edən Azzedine Mihoubi ölkəmizə gəlişinin bir səbəbinin də bu mötəbər tarixi hadisə olduğunu vurğuladı. O, səfərinin məhsuldar olacağına ümidvar olduğunu qeyd etdi, münasibətlərin mədəniyyət sahəsi ilə yanaşı, iqtisadi-siyasi sahələrə də sirayət edəcəyini diqqətə çatdırdı.

Azərbaycanın mədəniyyət sahəsindəki uğurları, beynəlxalq qurumlarla əlaqələri haqqında qonağı məlumatlandıran Əbülfəs Qarayev Əlcəzair nümayəndə heyətinin ölkəmizə ilk səfərinin əlamətdar tarixi hadisələrlə üst-üstə düşməsindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, səfər bundan sonrakı əlaqələrin inkişafına müsbət təsir göstərək. Azərbaycanla Əlcəzair arasında mədəni əlaqələrlə bağlı sazişin imzalanması üçün müvafiq işlərin aparılacağını diqqətə çatdıran Əbülfəs Qarayev bu sazişin əlaqələrin daha da dinamik inkişafına yol açacağına ümid bəslədiyini dedi.

Görüş gələcəkdə iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam etdi.

 

Bütün xəbərlər