Dövlət baytarlıq nəzarəti xidmətinin rəhbəri bölgələrdə olub

22:46 - 19.06.2018


19 iyun, Fineko/abc.az. 17-18 iyun 2018-ci il tarixlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev Gədəbəy, Şəmkir, Göygöl və Daşkəsən rayonlarının dağ kəndlərinə səfər edib. Səfərin məqsədi heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə, şəffaflığın təmin edilməsi proseslərinə nəzarət və fərdi təsərrüfat sahibləri ilə görüşlərin keçirilməsi olub.  

Səfər çərçivəsində B.Rzayev dağ kəndlərində olan heyvandarlıq təsərrüfatlarının mövcud vəziyyəti ilə tanış olub, iribuynuzlu heyvanların dabaq, xırdabuynuzlu heyvanların brusellyoz və çiçək xəstəliklərinə qarşı aparılan peyvəndləmə tədbirlərinə nəzarət məqsədi ilə baytarlıq baxışı keçirib.

Görüşlərdə B.Rzayev heyvanların sağlamlıq vəziyyətinə dair aparılan baytarlıq tədbirlərinin keyfiyyəti, dağlıq rayonlarda əhalinin heyvandarlığa artan marağı, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yeni innovasiyaların tətbiqi, müasir heyvandarlıq komplekslərinin yaradılması və genişləndirilməsi barədə danışıb. Bildirib ki, bölgələrə səfərin əsas məqsədi heyvan sahiblərinin problemləri ilə yerində tanış olmaq, dövlət tərəfindən heyvanlar üçün verilən peyvənd vasitələrinin “soyuq zəncir” prinsipinə uyğun yerlərə çatdırılaraq şəffaf formada tətbiqinə nəzarət etməkdir.

B.Rzayev vətəndaşların müraciətlərini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Səfər çərçivəsində B.Rzayev baytarlıq idarələrinin iş şəraitinə də baxış keçirib, idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə tanış olub. B.Rzayev fermerlərin müraciətlərinin idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini vurğulayıb.

Görüşlərdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların təsərrüfatlara cəlb olunması və s. məsələlər müzakirə olunub. Həmçinin, respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

Bütün xəbərlər