“Azərit” ASC-nin baş energetiki iş yerində öldü

17:06 - 7.03.2023


7 mart, Fineko/abc.az. Sumqayıtda şirkətin baş energetiki iş yerində ölüb.

Bu barədə ABC.AZ-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 6-ı saat 16 radələrində “Azərit” ASC-nin baş energetiki, Elxan Misirxanovun iş yerində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Elxan Misirxanovun cəmiyyətə məxsus zavodun elektrik blokunda sayğacı dəyişən zaman elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Bütün xəbərlər