Başımız nədən ağrayır

15:42 - 20.06.2018


20 iyun, Fineko/abc.az. Baş ağrıları müasir insanların ən çox qarşılaşdığı sağlamlıq problemlərindəndir və gündəlik həyat tərzinə, iş keyfiyyətinə mənfi təsirsiz ötüşmür. Baş ağrıları müxtəlif səbəblərdən yarana bilər:

Gərginlik baş ağrıları

Stressə bağlı və ən çox rast gəlinən baş ağrısıdır. Bu zaman ağrı -gicgah və ya ənsə nahiyəsində, bəzən isə bütöv başı əhatə edir. Ağrı 30 dəqiqədən bir neçə günə qədər davam edə bilər. Bəzi hallarda baş ağrıları ilə yanaşı ürəkbulanma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlər də qeyd edilir. Yuxu və dolğun istirahət ağrını ardan qaldırır. 

Miqren ağrıları

Ağrı əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayət olunur. Bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da qeyd edilir. Miqrenin müalicəsi ilə daha çox nevropatoloqlar məşğul olurlar və müalicə prosesində individual yanaşma seçilir.

Klaster baş ağrısı

Tutmalar şəklində yaranır və adətən 15 dəqiqədən 90-dəqiqəyə qədər dam edir. Bu tip başağrısı çox kəskin və dözülməz olur. Ağrı əsasən göz arxasında hiss edilir və insanlarda gözün xaricə basılması hissini yaradır. Klaster başağrılarının aradan qaldırılmasında Oksigen inhalyasiyasının və miqren əleyhinə istifadə edilən preparatlar kömək edir.

Ağrıkəsicilərin uzun müddət qəbuluna bağlı ağrılar

Ağrıkəsicilərdən sui istifadə edilməsi təkrarlanan baş ağrılarının yaranmasına gətirib çıxara bilər. Belə hallarda dərman qəbulu nəticəsində baş verən ağrı ilə öncədən mövcud olan ağrını fərqləndirmək mütləqdir.

Infeksion mənşəli ağrılar

 Adi soyuqdəymə nəticəsində dişlər və burunətrafı ciblərdə iltihabi proses baş verə bilər ki, bu da əsas xəstəliklə yanaşı gedən başağrıları verə bilər. Daha ağır hallarda baş beyinin (ensefalit) və ya baş beyin örtüyünün iltihabı (meningit) kəskin baş ağrıları verə bilər.

Arterial təzyiqə bağlı

Ən çox rast gəlinən səbəblərindən biri də arterial təzyiqin “oynaması”dır. Arterial təzyiqin yüksəlməsi baş ağrılarının daha çox rast gəlinən səbəblərindəndir. Təzyiqin azalması da baş ağrısına səbəb ola bilər.

Kofeinə bağlı baş ağrıları

Gündəlik kofe qəbul edən insanlarda yaranır. “Vaxtında “ kofe qəbul etmədikdə pulsşəkilli ağrı meydana çıxır. Nəzərə almaq lazımdır ki, kofe də asılılıq yaradır və bu halın baş verməməsi üçün kofe qəbulunu azaltmaq lazımdır.

Şiş xəstəliklərində ağrı

Belə xəstələrdə ağrı adətən səhərlər olur və qusma ilə müşayiət olunur. Tədricən vəziyyət ağırlaşır və xəstə çəki itirir, qıcolmalar baş verir. Bu əlamətlər olduqda ilk iş həkimə müraciət etməkdir.

Beyin daxili qanamaya bağlı ağrılar

Qəfil yaranır və tədricən artır. Ağrı ilə yanaşı görmə pozulur, qusma yaranır, nitq və koordinasiya pozulur.

 

Bütün xəbərlər