AZAL yeni helikopterlər ala bilər

16:46 - 16.03.2023


16 mart, Fineko/abc.az. “AZAL” prezidenti Cahangir Əsgərov İtaliyanın “Leonardo” konserninin Baş Kommersiya İdarəsinin beynəlxalq marketinq və strateji kampaniyalar üzrə baş vitse-prezidenti Marko Burattinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ABC.AZ xəbər verir ki, bu bardə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Görüş çərçivəsində mülki aviasiya sahəsində əməkdaşlığın perspektivləri və bir sıra aktual məsələlər nəzərdən keçirilib.

Belə ki, tərəflər ölkənin işğaldan azad edilmiş ərazilərində tikilmiş beynəlxalq hava limanlarında radiolokasiya stansiyasının, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni avtomatlaşdırılmış baqaj idarəetmə sisteminin təchiz edilməsi, o cümlədən donanmanın “Agusta” tipli helikopterlərlə genişləndirilməsi və onlara texniki xidmətin göstərilməsi imkanlarını müzakirə edib.

Xatırladılıb ki, “Leonardo” konserni 2006-cı ildən AZAL ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq dövrü ərzində bir çox layihələr, o cümlədən təyyarələrin, helikopterlərin və s. tədarükü həyata keçirilib. Son illərin layihələri arasında Azərbaycanın azad edilmiş ərazilərində inşa edilmiş beynəlxalq hava limanlarında naviqasiya sisteminin və hava gəmilərinin eniş sisteminin tədarükü də mövcuddur.

 

Bütün xəbərlər