Bakıda 14 küçədə sürət həddi endirildi

16:58 - 16.03.2023


16 mart, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi şəhər ərazisində ən çox qəzaların baş verdiyi küçələrdə sürəti endirməyi qərara alıb.

ABC.AZ xəbər verir ki, ümumilikdə 14 küçə və prospektdə sürət həddi aşağı salınıb.

BNA-nın rəhbəri Vüsal Kərimli bildirib ki, azalma qəzaların qarşısını almaq məqsədi daşıyır: “Statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş Dövlət Proqramında da öz əksini tapıb.

Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanmış və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq.

Sürücülərimizin sürət hədlərinə riayət edəcəyinə inanırıq”.