Bakıda yeni beynəlxalq nəqliyyat qovşağı təşkil ediləcək

11:01 - 21.06.2018


21 iyun, Fineko/abc.az. Bakı Beynəlxalq Avtovağzal Kompleksi  ərazisində  "Nəqliyyat Qovşağı" təşkil ediləcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, nəqliyyat qovşağı yaxın vaxtlarda istifadəyə veriləcək.

“Nəqliyyat qovşağının ərazisində şəhərlərarası sərnişin daşımalarında dispetçer mərkəzi yaradılacaq, vahid bilet (elektron) satışı sistemi tətbiq ediləcək və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiyası təmin ediləcək, şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında avtobusların “avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkətinin təmin ediləcək”, - N.Allahyarova belə deyib.

Onun sözlərinə əsasən,  həmçinin,  nəqliyyat və piyada axınlarının bir-birindən ayrılması, heç bir yerüstü piyada zolağından (zebra) istifadə edilməməsi, avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi, avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması, taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilməsi təmin ediləcək.

“Yeni nəqliyyat qovşağı həmçinin Lökbatan dairəsinə daxil olmaq üçün avtonəqliyyat vasitələrinin Biləcəri dairəsinə daxil olmasının qarşısının alınaraq, birbaşa Lökbatan dairəsinə girişin təmin edilməsi və Biləcəri dairəsindəki sıxlığın aradan qaldırılmasını nəzərdə tutur”, - deyə N.Allahyarova əlavə edib.

 


Bütün xəbərlər