Azərbaycanda qeyri-qanuni yolla yaradılan 147 balıqçılıq təsərrüfatı ləğv edilib

12:07 - 21.06.2018


21 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi balıq gölləri haqqında məlumat bankı hazırlayıb.

Dövlət Komitəsinin məlumatında deyilir ki, Komitənin məlumat bankına 529 belə göl daxil edilib.

“Komitə tərəfindən aparılan monitorinqlər zamanı müəyyən edilmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində balıqçılıq təsərrüfatı məqsədilə qeyri-qanuni olaraq süni sututarlar (gölməçələr) yaradılır. Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, Monitorinqlər nəticəsində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 147 süni göl ləğv edilmişdir. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmışdır. Hazırda 382 təbii və süni göl fəaliyyət göstərir. Bu göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fondu qış otlaq sahələrində yaradılmışdır. Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir.

“Aşkarlanmış 188 hal barədə inzibati protokol tərtib edilərək 85 000 manat cərimə yazılmışdır. 25 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. Hazırda 45 gölün fəaliyyətinin araşdırmaları davam etdirilir”, - deyə məlumatda bildirilir.

Süni göllərin ən çox Neftçala, Salyan, Biləsuvar, Sabirabad rayonlarında yaradılması aşkar edilmişdir.

 

Bütün xəbərlər