Sərhədlərin bağlanması əsasən təhlükəsizlik məsələsi ilə əlaqədardır - Deputat

11:00 - 28.03.2023


28 mart, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi, Gürcüstan mətbuatında qonşu ölkənin mayı 1-dən Azərbaycanla quru sərhədlərini açacağı ilə bağlı məlumatlar dərc edilib.

ABC.AZ xəbər verir ki, bundan sonra yerli mətbuata açıqlama verən deputat Vahid Əhmədov hələ ki, bununla bağlı rəsmi məlumatın olmadığını bildirib: “Gürcüstan mətbuatında belə bir məlumat yayılıb, mən də oxumuşam. Amma bununla bağlı hələ ki, rəsmi məlumat yoxdur. Mənim fikrimcə, sərhədlərin bağlanması əsasən təhlükəsizlik məsələsi ilə əlaqədardır. Əlbəttə, mən istərdim ki, quru sərhədlər açılsın. Hətta mən təklif də verdim ki, heç olmasa, sərhədlər elə açılsın ki, yoxlamalar getsin, müəyyən məsələlər öz həllini tapsın. Elə insanlar var ki, mütləq gəlməlidirlər, ailələrində müəyyən problemlər ola bilər. O insanların müəyyən hissəsini yüksək nəzarət mexanizmini həyata keçirməklə buraxmaq olar. Amma ətrafda fikir verirsinizsə, bəzi hadisələr baş verir - İranla münasibət, Rusiyanın Qarabağda oynadığı oyunlar və s. Bunların hamısı təhlükəsizliyə təminat üçün həyata keçirilir ki, Azərbaycanda ciddi problem yaşanmasın. Şəxsən mən millət vəkili olaraq Azərbaycanda bu sərhədlərin açılmasının tərəfdarıyam. Ciddi nəzarət mexanizmi həyata keçirməklə sərhədləri açmaq olar”.

Bütün xəbərlər