Gələn ay BTC ilə 125 min ton “Tengiz” nefti nəql olunacaq

15:24 - 28.03.2023


28 mart, Fineko/abc.az. Cari ilin aprel ayında “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəməri ilə “Tengiz” yatağından hasil edilən 125 min ton Qazaxıstan nefti nəql olunacaq.

Qazaxıstanın magistral neft kəmərinin milli operatoru olan “KazTransOil” şirkətinə istinadən xəbər verilir ki, şirkət magistral neft kəməri ilə BTC istiqamətində növbəti neft partiyasını göndərib.

“KazTransOil” Aktau limanında “Prezident Heydər Əliyev” tankerinə 9959 ton “Tengiz” nefti yükləyib. Bu xammalın nəqli BTC kəməri ilə nəzərdə tutulur. Martın sonunadək bu marşrutla təxminən 10 min ton “Tengiz” neftinin göndərilməsi planlaşdırılır. 2023-cü ilin aprel ayı üçün BTC istiqamətində planlaşdırılan neft daşıma həcmi 125 min ton təşkil edir”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır. SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

© Azertag.az

Bütün xəbərlər