Xaricdən gətirilən avtomobillərlə bağlı qərarda güzəştlər olmalıdır - İqtisadçı

14:16 - 30.03.2023


30 mart, Fineko/abc.az. Ötən gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılacağı bildirildi.

Nazirlər Kabinetinin qərarı artıq sifariş edilmiş və ölkəyə gətirilməkdə olan avtomobillərin taleyi haqqında sualların yaranmasına səbəb oldu.

ABC.AZ xəbər verir ki, məsələnin hüquqi tərəfləri haqqında danışan iqtisadçı Rəşad Həsənov düşünür ki, vətəndaşlara külli miqdarda ziyan dəyməməsi üçün qadağanın qüvvəyə minmə müddəti bir aydan altı aya qədər artırılmalıdır:

“Elə avtomobillər var ki, artıq xaricdən alınıb, yoldadır. Bəzi hallarda əhali avtomobilləri “qara bazar”dan, ikinci əl bazarlardan əldə edir. Bu zaman avtomobilin qaytarılması mümkünsüz olur. 30 gün müddətində həmin avtomobillər ölkəyə gəlib çatmazsa, vətəndaşların külli miqdarda itkiləri yarana bilər. Xarici ölkələrdən gətirilən avtomobillərin Azərbaycana çatdırılması bir aydan altı aya qədər vaxt alır. Bu, sifariş edilən ölkə ilə məsafədən, nəqliyyat-daşıma imkanlarından asılıdır. Üstəlik, Rusiya-Ukrayna müharibəsi fonunda avtomobillərin ölkəyə qısa müddətdə gətirilməsi bir az da çətinləşib. Ona görə hesab edirəm ki, ya insanlara müəyyən güzəştlər edilməli, ya da proses mərhələli şəkildə həyata keçirilməlidir. Birdən-birə belə sərt qərarın ortaya qoyulması, cəmi bir ay vaxt tələbi düzgün deyil. Vaxtın dəyişdirilməsinə, sifarişçilərə güzəştlərin edilməsinə ehtiyac var”.

Bütün xəbərlər