Komissarlar Şərq Tərəfdaşlığı Ölkələrinin qeyri-rəsmi dialoqunda iştirak etmək üçün Belarusa gəlib

21.06.2018,16:25


Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Johannes Hahn və Rəqəmsal İqtisadiyyat və Cəmiyyət üzrə Komissarı Mariya Qabriel Belarusda keçiriləcək Şərq Tərəfdaşlığı Ölkələrinin 10-cu qeyri-rəsmi tərəfdaşlıq dialoqunda iştirak etmək üçün iyunun 21-22 tarixlərində Minskə səfər edəcəklər.

Onlar ötən ilin noyabrında baş tutan Şərq Tərəfdaşlığı Sammitindən sonra, "2020-ci il üçün 20 praktiki nəticə" çərçivəsində əməkdaşlıq, o cümlədən altı Şərqi Tərəfdaş ölkəsi - Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı təmsil edən Xarici İşlər nazirləri və rəqəmsal sahə üzrə məsul şəxslərlə rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək məsələlərini müzakirə edəcəklər. İyunun 21-də isə komissarlar kibertəhlükəsizliyin möhkəmləndirilməsi kimi rəqəmsal sahələrdə əməkdaşlığı dərinləşdirməyi müzakirə etmək üçün Belarusun Rabitə və İnformatizasiya naziri Sergey Popkov ilə görüşəcək və sonra genişzolaqlı internet bağlantısının təşviqi və regionda rouminq tarifləri ilə bağlı problemin həll olunmasına həsr olunan plenar iclasda iştirak edəcəklər.

Cümə günü Komissar Johannes Hahnın Belarus Respublikasının Xarici İşlər Naziri Vladimir Makey ilə birlikdə Şərq Tərəfdaşlığı və Xarici İnvestisiya Planının icrasına dair plenar sessiyada iştirak etməsi gözlənilir. Belarusa səfəri çərçivəsində, Johannes Hahn həmçinin, Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko, Vladimir Makey və Sergey Popkov ilə ikitərəfli görüşlər keçirəcək və iqtisadiyyat və rəqəmsal iqtisadiyyat sahələrində çalışan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Səfərin fotoşəkil və videolarına EbS internet səhifəsində baxmaq mümkündür.