Pərviz Şahbazov: Qlobal neft bazarında vəziyyət OPEC çərçivəsində əməkdaşlığın yeni prioritetlərini müəyyənləşdirir

21.06.2018,16:49


21 iyun, Fineko/abc.az. Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanada OPEC-in “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçirilən VII beynəlxalq seminarında çıxış edib.

Nazirliyin məlumatında deyilir ki, çıxış zamanı nazir gələcəkdə dünya iqtisadiyyatında neftin, neft bazarında mövcud tendensiyanın və Azərbaycanın neft ölkəsi kimi inkişaf strategiyasının rolundan danışıb.

“Nazir, OPEC+formatında əməkdaşlığın neftin qiymətinin sabitləşdirilməsi məqsədinə nail olduğunu, lakin qlobal neft bazarında, neft sənayesində yaranan yeni vəziyyətin bu əməkdaşlıq üçün yeni prioritetlər müəyyənləşdirdiyini deyib. Dünyada iqtisadi artım templəri, neft-kimya sektorunun inkişafı, bərpa olunan enerji mənbələrinin hələlik nefti əvəz edə bilməməsi kimi faktorlar yaxın perspektivdə neftin enerji balansında aparıcı mövqeyini təmin edəcək”, - məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, seminar çərçivəsində nazir Pərviz Şahbazov “Equinor” şirkətinin qlobal strategiya və biznesin inkişafı üzrə vitse-prezidenti Əl Kuk ilə görüşüb. Onlar, Cənub Qaz Dəhlizi və TANAP boru kəmərinin açılmasının, alternativ enerji mənbələri sahəsində əməkdaşlığın yeni istiqamətlərinin əhəmiyyətini müzakirə ediblər.

Açar sözlər: OPEC Pərviz Şahbazov