“AITF 2023” sərgisinin Açılış mərasimi baş tutdu

12:27 - 4.04.2023


4 aprel, Fineko/abc.az. Bu gün Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər - “AITF 2023” Sərgisinin Açılış mərasimi baş tutdu.

Açılış mərasimində “Caspian Event Organisers” (CEO) şirkətinin Baş direktoru Fərid Məmmədov giriş sözü ilə çıxış etdi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Ruslan Stoyanov və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə heyətinin sədri Göydəniz Qəhrəmanov çıxış etdilər.

Çıxışlar bitdikdən sonra sərginin iştirakçıları və qonaqları VIP turda iştirak etdilər.

“AITF 2023” sərgisi pandemiya ilə bağlı yaranmış 3 illik fasilədən sonra yenidən turizm sektorunu diqqət mərkəzinə gətirəcək. Ənənəvi olaraq, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirir. Bu tədbir maraqlı tərəflərə yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən əsas platformalardan biridir. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulayacaq, Azərbaycan xalqının qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdirəcək.

Fəal istirahətin ən geniş yayılmış və kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır.“AITF 2023” sərgisi səyahət etməyi sevən və səyahət etdiyi ölkələrdə sevilən qonaq olan Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək imkanı yaradan bir platforma olacaq.

Sərgidə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrindən - Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan,İsveçrə, Kuba,Polşa, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya  və Tunisdən olan şirkətlər qatılacaq. “AITF” sərgisində ənənəvi olaraq xarici ölkələr milli stendlərlə təmsil olunur. Bu dəfəki sərgi də istisna olmayacaq və Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edəcək.

Bu il sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan “AITF 2023”-ün Baş Sponsoru qismində çıxış edir. Özbəkistan isə tərəfdaş ölkə olacaq.

Sərgi aşağıdakı istiqamətləri əhatə edəcəkdir:

  • Gediş turizmi (Outbound tourism)
  • Yerli turizm (Domestic tourism)
  • Gəliş turizmi (Inbound tourism)

“AITF2023”-də tibbi və sağlamlıq turizmi,kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səyahət agentlikləri, turoperatorlar və s. kimi bir sıra sektorlar təqdim olunacaq.

İştirakçıları və ziyarətçiləri zəngin və maraqlı proqram gözləyir. “AITF2023” çərçivəsində səyahət fotoqrafı Aydın Sadıxovun foto sərgisi nümayiş olunacaq. Eləcə də, sərginin keçiriləcəyi Bakı Ekspo Mərkəzində Azərbaycan Turizm Blogerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə səyahət blogerləri ilə bağlı tədbir, həmçinin "Travel quiz" və Bəhram Bağırzadə ilə görüş baş tutacaq. Bundan başqa, sərgi çərçivəsində “Turizm sahəsinin mütəxəssisi ol” mövzusunda panel müzakirəsi keçiriləcək.

Ənənəvi olaraq, sərgi günlərində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək, burada yerli və xarici şirkətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq yollarını və tərəfdaşlığın digər formalarını müzakirə edəcəklər.

“AITF 2023” turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir. Belə ki, sərgi beynəlxalq və yerli şirkətlərin bazar ehtiyaclarını və istehlakçı marağını qiymətləndirdiyi, rəqabət mühitinin öyrənildiyi, inkişaf strategiyasının qurulduğu ölkənin turizm sənayesinin bərpasına təkan verən tədbirdir.

Qeyd etmək lazımdır ki, “AITF” sərgisi Ümumdünya Sərgi  Sənayesi Assosiasiyası (UFI) tərəfindən keyfiyyət nişanına layiq görülüb. UFI tərəfindən sərgilərin keyfiyyət nişanı ilə təltif edilməsi onların bəyan etdikləri məlumatlar və təşkilatçılıq səviyyəsinə uyğunluq üzrə tam yoxlanmasından sonra baş verir. Bu təşkilata üzvlük “AITF” sərgisinin beynəlxalq statusunun möhkəmlənməsinə xidmət edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu bu il təşkil ediləcək sərginin rəsmi dəstəkçiləridir.

“AITF 2023” sərgisinin təşkilatçısı isə Caspian Event Organisers şirkətidir.

Sərgi ilə bağlı yenilikləri sosial şəbəkələrdə və www.aitf.azrəsmi internet saytından izləyə bilərsiniz.

Bütün xəbərlər