Məlumat Hesablama Mərkəzi Avropa İttifaqının “FutureTrust” layihəsinin assosiativ tərəfdaşı oldu

21.06.2018,19:28


21 iyun, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Avropa İttifaqının “FutureTrust” layihəsinə assosiativ tərəfdaş seçilib.

Məlumat Hesablama Mərkəzinin “FutureTrust” layihəsinə assosiativ tərəfdaş olmağı Azərbaycanla  Avropa İttifaqı ölkələri arasında elektron imzaların qarşılıqlı tanınmasını asanlaşdıracaq.

“FutureTrust” layihəsi əvvəlki tədqiqatlar və genişmiqyaslı pilot layihələr üzrə əldə edilən nəticələr əsasında qurulub. Əsasən təkmil sertifikat, elektron imza və vaxt möhürü ilə əlaqəli olan etimadlı xidmətlər üçün proqram təminatının açıq mənbə kodunu təmin edəcək.

“FutureTrust” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə “Horizon 2020” elmi tədqiqat və innovasiya proqramı çərçivəsində 1 iyun 2016-cı il tarixindən fəaliyyət göstərir. Layihədə iştirak edən 10 ölkənin 16 tərəfdaş təşkilatı Almaniyanın Boxum şəhərinin Rur Universiteti tərəfindən əlaqələndirilir.

2016-cı ildə Avropa İttifaqının 13 dekabr 1999-cu il tarixli 1999/93/ECnömrəli elektron imza direktivi təkmilləşdirilərək yeni eİDAS (2014/910/EU) (elektron identifikasiya və etibarlı xidmətlər) qanunvericiliyi ilə əvəzlənib.

"FutureTrust" layihəsinin əsas məqsədi elektron ticarətdə elektron identifikasiya (eID) və etibarlı xidmətlər üzrə eIDAS qanunvericiliyinin praktiki tətbiqini dəstəkləmək və etibarlı xidmətlərin Avropa İttifaqı və onun hüdudlarından kənarda yayılmasını asanlaşdırmaqdır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2017-ci il tarixli 1255 nömrəli Fərmanında qeyri-neft sektorunun yüksək inkişaf tempinin qorunub saxlanması, habelə elektron ticarətin gücləndirilməsi və inkişaf etdirilməsi vurğulanır. Sözügedən layihəyə tərəfdaşlıq elektron imzaların qarşılıqlı tanınması işlərini sürətləndirməklə ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarla xarici biznes tərəfdaşları arasında sənədlərin, elektron müqavilələrin real vaxt rejimində elektron imza ilə imzalanması və transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan yaradacaq.