“Narınc” Psixologiya Mərkəzində əməliyyat keçirildi – Fəliyyəti dayandırıldı - VİDEO

14:31 - 6.04.2023


6 aprel, Fineko/abc.az. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Salyan şəhəri, Ənnağı Hüseynov küçəsi, 32A ünvanında yerləşən “Narınc” Psixologiya Mərkəzində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) ABC.AZ-a bildirilib ki, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Salyan şəhəri, Ə.Hüseynov küçəsi, 32A ünvanında yerləşən “Narınc” Psixologiya Mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Qeyd edək ki, sözügedən mərkəz tanınmış psixoloq Narınc Rüstəmovaya məxsusdur.

Bütün xəbərlər