Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının bir qrup iştirakçısı ilə görüş olub

20:56 - 21.06.2018


21 iyun, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında iştirak etmək üçün ölkəmizdə səfədə olan Serbiya, Bolqarıstan, Əfqanıstan, Pakistan, Rusiya Federasiyasının Dağıstan, Tatarıstan respublikaları və Moskva şəhərinin insan hüquqları üzrə müvəkkilləri, Ombudsman aparatlarının nümayəndələri, Rumıniya Ombudsmanının müavini və Uşaq Ombudsmanı, Gürcüstan xalq müdafiçəsinin müavini ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son 15 ildə Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda, mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran bir dövlət olduğunu vurğulayıb. S.Babayev həmçinin Azərbaycanın sosial ədalət prinsipinə söykənən əmək və sosial hüquqlar sisteminə malik olduğunu qeyd edib.

Hüquq bərabərliyinin bu sistemdə üstün prinsip kimi çıxış etdiyini vurğulayan nazir bildirib ki, Beynəlxalq Əmək Təşkilatının 57 Konvensiyasına, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sına, Dəyişdirilmiş Avropa Sosial Xartiyasına və digər mühüm beynəlxalq sənədlərə qoşulan Azərbaycan əmək və sosial müdafiə sahələrində qanunvericiliyini mütərəqqi beynəlxalq standartlara uyğun təkmilləşdirir. Sosial rifah xidmətlərindən yararlanma, əmək, məşğulluq və peşəyönümü sahəsində cinsi ayrı-seçkilik təzahürlərinə yol verilmədən bərabər imkanların yaradılması və s. hüquqlar milli qanunvericilikdə əksini tapıb. Hər bir şəxsin əmək bazarında bərabər əsaslarla iştirakına şərait yaradılması və bu sahədə gender prinsipinin təminatı, gənclərin, əlilliyi olanların və sosial cəhətdən həssas digər qrupların əmək bazarına çıxışının dəstəklənməsi, inklüziv əmək bazarının inkişaf etdirilməsi yönündə dövlət məşğulluq siyasəti həyata keçirilir.

S.Babayev ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirləri, aktiv əmək bazarı proqramları, habelə aztəminatlı ailələrin yoxsulluqdan kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramı barədə məlumat verib. Nazir beynəlxalq qurumlarla əməkdaşlıq müstəvisində və qabaqcıl dünya təcrübəsindən istifadə olunmaqla əmək və sosial müdafiə sahələrində müasir və şəffaf sistemlərin yaradılması üçün aparılan islahatları, əldə olunan müsbət nəticələri diqqətə çatdırıb.

Xarici ölkələrin insan hüquqları üzrə müvəkkilləri əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrində insan hüquqları sisteminin mütərəqqi beynəlxalq normalara, sivil yanaşmalara və hüquq bərabərliyi prinsipinə uyğun təkmilləşdirilməsi ilə bağlı Azərbaycanın təcrübəsinin təqdirəlayiq olduğunu qeyd ediblər. Sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin təmin edilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması üçün aktiv məşğulluq tədbirlərinə, xüsusilə özünüməşğulluq proqramına cəlb olunmaları yönündə ölkəmizdə aparılan işlərin məmnunluq doğurduğu bildirilib.

Görüşdə qonaqların aidiyyəti məsələlərə dair sualları da cavablandırılıb, əmək, məşğulluq, sosial müdafiə sahələrində insan hüquqlarının təminatı məsələlərinə dair fikir mübadiləsi aparılıb, müvafiq sahələrdə islahatlarla bağlı ölkələrarası təcrübə mübadilələrinin qarşılıqlı fayda verə biləcəyi vurğulanıb.

 

Bütün xəbərlər