Gömrük Komitəsinin axtarışa verdiyi türk vətəndaşı Moldovada tutuldu

15:09 - 6.04.2023


6 aprel, Fineko/abc.az. Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, qurumun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Türkiyə Respublikasının vətəndaşı Kıvcı Abdulkadirin ekstradisiyası haqqında qərar qəbul edilib.

Belə ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində istintaq olunan cinayət işi üzrə Kıvcı Abdulkadirin qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsini təşkil etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.

Kıvcı Abdulkadir Moldova Respublikasının ərazisində saxlanılaraq aprelin 5-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

Bütün xəbərlər