Milli Məclisdə Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüş olub

18:50 - 21.06.2018


21 iyun, Fineko/abc.az. İyunun 21-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüşüb.

Ziyafət Əsgərov Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ölkəmizdə ombudsmanların beynəlxalq konfransının keçirilməsini təqdir edib. O bildirib ki, builki konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi kimi mühüm hadisələrlə üst-üstə düşür.

Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, Azərbaycanda insan hüquqlarının qorunması və onların icra mexanizmlərinə xüsusi diqqət yetirilir. Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra bir sıra beynəlxalq təşkilatların tamhüquqlu üzvü olub. Azərbaycan insan hüquqları ilə bağlı öhdəliklərinin yerinə yetirilməsinə xüsusi əhəmiyyət verir. 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi. Bu Konstitusiyanın üçdəikisi insan hüquqlarına həsr olunub. Eyni zamanda, insan hüquqlarının reallaşdırılması mexanizminin daha da təkmilləşdirilməsi ilə bağlı Ombudsman İnstitutu təsis edilib. Həmçinin müvafiq dövlət proqramları, qanunlar qəbul olunub.

Ziyafət Əsgərov hüquq bərabərliyinin hazırda bütün dünyada çox vacib məsələlərdən biri olduğunu deyib. Qeyd edib ki, hələ 1918-ci ildə Azərbaycanda demokratik cümhuriyyət qurulanda ilk olaraq hüquq bərabərliyi əsas amil, prinsip kimi götürülüb, qadınlarla kişilərə bərabər hüquqlar verilib.

Azərbaycanda “Gender bərabərliyi haqqında” Qanunun qəbul edildiyini söyləyən Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, ölkəmizdə irqindən, dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər münasibət sərgilənir. İstər parlamentdə, istər dövlət idarəetməsində, istərsə də bələdiyyələrdə qadınların iştirak çəkisi artmaqdadır.

Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib.

Ziyafət Əsgərov, həmçinin konfrans iştirakçılarına Azərbaycan parlamentinin yaranma tarixindən və fəaliyyətindən danışıb.

Görüşdə iştirak edən Elmira Süleymanova Ombudsman İnstitutunun Milli Məclislə sıx əməkdaşlığından bəhs edib. Bildirilib ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi ilə bağlı bir çox sənədlər qəbul olunub. Parlamentdə müzakirəyə çıxarılan bu qanun layihələri ilə bağlı onun fikirləri öyrənilir. Ombudsman tərəfindən il ərzində həyata keçirilən tədbirlər barədə Milli Məclisdə hesabat verilir.

Elmira Süleymanova Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində təmsil etdiyi qurum tərəfindən görülən işlər, əldə edilən nailiyyətlərdən danışıb.

Konfrans iştirakçıları səmimi görüşə görə minnətdarlıqlarını ifadə ediblər. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini və Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd ediblər. Qonaqlar ölkələr arasında əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyiblər.

Görüşdə Ziyafət Əsgərov qonaqları maraqlandıran sualları ətraflı cavablandırıb.

 

Bütün xəbərlər