Bu səbəbdən turistlər Azərbaycana gəlmək istəmir

12:11 - 18.04.2023


18 aprel, Fineko/abc.az. “Quru sərhədlərin üç ildən artıq müddətdə bağlı qalması bir çox sahələrə - iqtisadiyyata, ən çox da turizm sektoruna zərbə vurur. Azərbaycan turizmdən daha çox gəlir götürmək istəyirsə, mütləq quru sərhədləri açmalıdır. Azərbaycanla Rusiya arasında quru sərhədlərin bağlanması turist axınına mane olur. Hava yolu nəqliyyatının baha olması səbəbindən istirahət üçün Azərbaycanı seçən turistlər istiqamətlərini dəyişmək məcburiyyətində qalırlar”.

ABC.AZ xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Rusiyadan Azərbaycana hava yolu ilə gün ərzində 27 reys həyata keçirilsə də, qiymətlər çox bahadır. Quru sərhədlərin bağlı olduğu dövrdə turistlər hava nəqliyyatından asılı vəziyyətdə qalırlar. Əgər quru sərhədləri açsalar, bu, hava nəqliyyatında qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. Hazırkı şəraitdə isə AZAL qiymətləri diktə edir. Nəticədə zərər Azərbaycan turizminə dəyir:

“Azərbaycan-Gürcüstan sərhədinin bağlı qalmasının pandemiya ilə bağlı olmadığını hər kəs bilir. Dünya ölkələri karantin rejimini çoxdan ləğv edib. COVİD 19-la bağlı ən sərt tədbirlər Çində idi. Yanvar ayından onlar da bütün qadağaları ləğv edib, quru sərhədləri açıblar. Sərhədlərin bağlı qalma səbəbini ictimaiyətə açıqlamaq rəsmi orqanların borcudur. Bəlkə doğrudan da, bizim bilmədiyimiz ciddi bir səbəb var. Detallı olmasa da, ümumi şəkildə məhz bu məsələyə görə sərhədləri aça bilmirik, deyə bilərlər. Məsələnin kökündə təhlükəsizlik dayanırsa, bu da məntiqli səbəb deyil. Bu dövlətin təhlükəsizlik, hüquq-mühafizə orqanları istənilən risk və təxribatın qarşısını almağa qadirdir. Sərhədləri bağlamaq təhlükəsizlik tədbiri deyil. Hökumət niyə bu qədər israr edir, başa düşə bilmirəm. Əgər səbəb ölkədə fəaliyyət göstərən beşulduzlu hotellərin və AZAL-ın gəlirini artırmaqdırsa, bu sahədə də heç bir inkişaf yoxdur. Səbəb hər nə olur-olsun, quru sərhədlərinin 3 ildən artıq bir müddətdə bağlı qalması vətəndaşların konstitusion hüquqlarını pozmaq deməkdir”.

 

Bütün xəbərlər