Latviya seymi ölkənin özəl ali məktəblərində və kolleclərdə rus dilində təhsilə qadağanı təsdiq edib

22.06.2018,16:50


22 iyun, Fineko/abc.az.  Latviya seyminin iclasında ölkənin özəl ali məktəblərində və kolleclərdə rus dilində təhsilə qadağa son oxunuşda təsdiq edilib. Bu qayda 2019-cu ilin əvvəlindən tətbiq ediləcək. Seymin 100 deputatından 57-si Ali təhsil haqqında qanuna Təhsil və Elm Nazirliyi tərəfindən hazırlanmış müvafiq düzəlişlərin lehinə səs verib.Düzəlişlərə görə, həm dövlətə məxsus, həm də özəl ali məktəblər və kolleclər təhsil proqramlarını yalnız latış dilində və ya Avropa İttifaqının rəsmi dillərindən birində həyata keçirməli olacaqlar, rus dili isə Aİ-nin rəsmi dillərinə aid deyil.

Bu düzəlişlər hazırda Latviyada rus dilində həyata keçirilən proqramlar üzrə təhsil alan tələbələrə, yəni ölkədəki tələbələrin təxminən 7,5 faizinə aid olacaq. Hazırda özəl ali məktəblərdə rus dilində oxuyan tələbələrin təhsili başa çatdırmasına imkan veriləcək. Gələn il yanvarın 1-dən etibarən bu proqramlar üzrə yeni tələbələr qəbulu qadağan ediləcək.

Xatırladaq ki, Latviya Prezidenti tərəfindən imzalanmış təhsil islahatının yekunlarına əsasən, milli azlıqların məktəblərində fənlərin əksəriyyəti latış dilində tədris olunacaq. Rus dilində dərslər yalnız bir neçə fənn (rus dili, rus ədəbiyyatı), habelə mədəniyyət və tarix ilə bağlı fənlər üçün saxlanılacaq. Bu islahat gələn dərs ilinin əvvəlindən başlayaraq tədricən həyata keçiriləcək və 2021-ci il sentyabrın 1-dək başa çatdırılacaq.