Azərbaycanda pambıqçıların zəhərlənməsi səbəbindən 5 nəfər saxlanılıb

17:29 - 22.06.2018


22 iyun, Fineko/abc.az. Baş Prokurorluq, Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkənin bir sıra rayonlarında pambıqçıların zəhərlənməsi ilə bağlı birgə məlumat yayıb.

Birgə məlumatda deyilir ki, son zamanlar pambıq istehsalı ilə məşğul olan şirkətlər, onların yerli aqronomları və digər rəsmi şəxslər müvafiq təhlükəsizlik qaydalarına riayət etmirdilər və dərmanlar istifadə edilmiş sahələrdə və ətraf ərazilərdə  kimyəvi preparatların qüvvədə olma müddətinə riayət etməməklə, pambıqçıları işə cəlb etmişdirlər.

Nəticədə, müxtəlif rayonların pambıq sahələrində bir qrup şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Prokurorluq, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin idarəçi və məsul şəxslərindən ibarət komissiya  zəhərlənmənin səbəbləri araşdırmaq məqsədilə, müvafiq rayonlara göndərilmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyev və nazirliyin məsul şəxsləri, İmişli və Yevlax rayonlarında zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin müalicəsini nəzarət altına alıblar.

Fakt üzrə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində CM-nin 249.2-ci (bitki xəstəliklərinə və ya ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması) və 314.2-ci (səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri üzrə cinayət işi açılmışdır. Zəhərlənmə faktı üzrə  5 nəfər həbs edilib.

Hazırda bu kimi halların aradan qaldırılması üçün profilaktik tədbirlər görülür və zəruri istintaq tədbirləri davam etdirilir.

 

Bütün xəbərlər