Azərbaycanın energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib

10:17 - 27.06.2018


Vaşinqtonda 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol arasında görüş olub. Söhbət zamanı Beynəlxalq Enerji Agentliyinin dünya neft və qaz bazarının inkişaf tendensiyalarına dair qiymətləndirmələri və proqnozları ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın həyata keçirdiyi enerji layihələri ilə qlobal enerji məkanında  güclənən strateji rolundan danışılıb. Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Fatih Birol enerji sahəsində müvafiq layihələr üzrə əməkdaşlığa marağını diqqətə çatdırıb və sentyabr ayında Bakıya səfərinin nəzərdə tutulduğunu bildirib. Energetika naziri Pərviz Şahbazov Agentliyin fəaliyyətini yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin istiqmətlərinin müəyyənləşdirilməsi məqsədilə  belə bir səfərin vacibliyini qeyd edib.

Vaşinqtonda UNİPER şirkətinin  baş icraçı direktoru Klaus Şaferlə də  görüş baş tutub.  Azərbaycanı UNİPER-in əsas tərəfdaşlarından biri hesab edən Klaus Şafer birgə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını deyib. Energetika naziri UNİPER ilə mövcud əməkdaşlığın genişləndirilməsi baxımından təcrübə mübadiləsi, enerji sahəsində tənzimləyici orqanın fəaliyyətinə texniki dəstək, Abşeronda  qazpaylayıcı şəbəkənin yenidənqurulması kimi potensial istiqamətləri diqqətə çatdırıb. Görüşdə həmçinin bərpa olunan enerji sahəsinin inkişafına dair müzakirələr aparılıb. 

 

Bütün xəbərlər