Təzyiq xəstələri yayda nələrə diqqət etməlidirlər?

27.06.2018,11:46


İsti və “bürkü” havalar ürək və damar xəstəliyii olan insanlarda şikayətləri artırır.

Havanın temperaturunun 1 dərəcə belə yüksəlməsi hipertoniya xəstələrində ürək vurğularının sayının dəqiqədə 10 vurğu artmasına, nəfəsalmanın isə dəqiqədə 4-5 ədəd artmasına səbəb olur. Və nəticədə təzyiq yüksəlir. Bəzi epidemiolojik tədqiqatlar göstərmişdir ki, qızmar yay günlərində, xüsusilə ürək xəstəlikləri ilə əlaqədar ölüm halları daha çox qeydə alınır.

İsti və “bürkü” hava niyə risklidir?

İsti havalar bədəndən maye, duz və elektrolit itkisinə səbəb olur. Eyni zamanda qan qatılaşır və laxtalanmaya meyilliliyi artır. Bu necə baş verir: dəri orqanizmin temperaturunun tənzimlənməsində, yəni termorequlyasiyada mühüm rol oynayır. Dərinin damarları soyuqda büzüşür, istidə isə genişlənir. Beləliliklə, temperatur itkisini azaldır və ya artırır. Bu isə öz növbəsində ürəyin iş yükünü artırır, ürəyin daha çox və daha sürətli işləməsini tələb edir.

Nə etməli?

Qeyd olunanları nəzərə alaraq həkimlər hipertoniya xəstələrinə 27’ yüksək temperaturda xüsusilə də günorta vaxtı küçədə olmamağı məsləhət görürlər. Əgər açıq havada olmaq şərtdirsə təzyiq xəstələri aşağıdakı məsləhətlərə əməl etməlidirlər:

- evdən çıxmamışdan öncə təzyiq dərmanını qəbul edin;

- mütləq yanınızda su və təzyiq dərmanı gəzdirin;

- ağır və yağlı yeməklərdən uzaq durun;

- təzə meyvə və tərəvəzlərə üstünlük verin;

- birbaşa günəş düşən yerlərdən uzaq durun( kölgədə dayanmalı);

- əhvalınızda cüzi dəyişikliyi belə nəzərə alın;

- ağır fiziki işdən uzaq durun;

- başınızda qoruyucu örtük ( papaq, yaylıq) qoyun;

- duz qəbulunu azaldın ( artıq duz təzyiqin qalxmasına səbəb olur);

- açıq rəngli, rahat və tərləməyi artırmayan geyimləri seçin;

- gün ərzində ən az 2 l maye qəbul edin;

- Sərinləmək məqsədilə soyuq duş qəbul etmək məsləhət deyil, çünki bədən temperaturu yüksək ikən anidən soyuq su altına girmək məqsədəuyğun deyil. Dəniz və ya hovuza da bir anda deyil, bədəninizi alışdıraraq girin.