British Council Mərkəzi Asiyada və Cənubi Qafqazda "Creative Spark" proqramına start verir

14:42 - 27.06.2018


British Council Mərkəzi Asiyada və Cənubi Qafqazda yaradıcı iqtisadiyyatın inkişaf etdirilməsinə yardımçı olmaq məqsədilə 5 illik "Creative Spark" proqramına start verildiyini böyük məmnuniyyətlə elan edir.

Proqram Azərbaycan daxil olmaqla yeddi ölkədə həyata keçiriləcək.  British Council ali təhsil sahəsində aparılan islahatları dəstəkləmək və regionda işsizlik səviyyəsinin aşağı salınmasına töhfə vermək məqsədilə birinci ilində 10 000-dən çox tələbəyə dəstək göstərmək məqsədi daşıyan proqramı işləyib hazırlamaq və həyata keçirmək üçün Birləşmiş Krallığın sahibkarlıq təhsili sahəsindəki təcrübəsindən istifadə edəcək.

Proqrama start vermək üçün yuxarıda adı çəkilmiş ölkələrin nazir müavinlərindən, universitet rəhbərlərindən və yaradıcılıq müəssisələrinin ekspertlərindən ibarət nümayəndə heyəti 25 iyun tarixində Birləşmiş Krallığa 1 həftəlik səfər edəcək.  Bu proqram Birləşmiş Krallıqda fəaliyyət göstərən universitetlərə (Qoldsmit Universiteti, Norviç İncəsənət Universiteti, Şərqi İngiltərə Universiteti, Kembric Universiteti, Koventri Universiteti, Lester Universiteti, Lafboro Universiteti) və yaradıcılıq müəssisələrinə təşkil olunan səfərləri özündə ehtiva edəcək.  Baş Nazirin Ticarət Elçisi Baronessa Nikolson Uinterborn (Emma Harriet Nikolson) Britaniya yay vaxtı ilə saat 18:30-da nümayəndə heyətini şəxsən qarşılayacaq.

"Creative Spark" proqramının üç əsas məqsədi vardır:

1. Birləşmiş Krallıq universitetləri ilə tərəfdaşlıq şəraitində yeddi tərəfdaş ölkənin ərazisində fəaliyyət göstərən 20 universitetdə sahibkarlıq mərkəzlərin yaradılması.

2. Tələbələrə və yaradıcı sahibkarlara ideyaların təqdim edilməsi, biznesin qurulması və əqli mülkiyyətin qorunması istiqamətində treninqlərin keçirilməsi.

3. Müxatəif onlayn ingilis dili və sahibkarlıq kursların silsiləvi qaydada təşkili.

Universitetlərlə tərəfdaşlıq münasibətlərinin qurulmasına dair rəhbər prinsiplər 2018-ci ilin iyul ayında təqdim olunacaq. Ərizələrin qəbuluna isə sentyabr ayında Lids şəhərində keçiriləcək Birləşmiş Krallığın Müəssisə və Sahibkarlıq Təhsilinə həsr olunmuş Milli Konfransında rəsmi şəkildə start veriləcək.

Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın: [email protected]

Bütün xəbərlər