“TOTAL” “Ümid” yatağının və “Ümid-Babək” perspektivli strukturunun işlənməsində iştirak edə bilər

17:54 - 26.10.2017


Energetika naziri Pərviz Şahbazov  “Total” şirkətlər qrupunun Bakıda səfərdə olan Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Clementi (Bernard Clement) qəbul edib. 

Nazirlikdən verilən məlumata əsasən, görüş zamanı nazir bildirib ki, “Abşeron” yatağının böyük həcmdə qaz ehtiyatları gələcəkdə həm ölkədaxili tələbatın ödənilməsində, həm də qaz ixracı ilə bağlı strateji hədəflərə çatmaqda böyük rol oynayacaq.

“Biz ümid edirik ki, müasir qazma qurğularından istifadə, eləcə də kəşfiyyat və qazma işlərindəki təcrübəni tətbiq etməklə “Total”ın “Abşeron” yatağı üzrə işləri sürətləndirəcək, bu yataqdan qaz hasilatı nəzərdə tutulan vaxtda başlayacaq”, - məlumatda belə  deyilmişdir.

Öz növbəsində, Bernard Clement, “Abşeron” yatağının işlənməsi proqramı, birinci mərhələ üzrə aparılacaq kəşfiyyat-qazma işləri, hasil olunacaq qaz və kondensatın həcmi barədə ətraflı məlumat verib. O, 2020-2023-cü illəri əhatə edəcək ikinci mərhələdə nəzərdə tutulan tədbirlərdən də bəhs edib. Bildirib ki, bu faza üzrə, təxminən, 5 milyard kubmetr həcmində qazın hasili planlaşdırılır.

Görüş zamanı tərəflər həmçinin, 2020-2023-cü illəri əhatə edəcək ikinci mərhələdə nəzərdə tutulan tədbirlərdən də danışıblar.

Görüşdə “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxilolduğu dəniz blokunun kəşfiyyatı və işlənməsində “Total”ın mümkün iştirakı məsələsi ətrafında da geniş fikir mübadiləsi aparılıb.

 

 

Bütün xəbərlər