Ötən ayla müqayisədə ən çox ucuzlaşan tərəvəzlər - QİYMƏTLƏR

10:08 - 30.05.2023


30 may, Fineko/abc.az. Məlumdur ki, yay mövsümü başlar-başlamaz bəzi tərəvəzlərin qiyməti "ceyran beli"ndə idi. Qiymətlərin baha olması isə sadə insanlar tərəfindən birmənalı qarşılanmırdı. Bəziləri bahalı da olsa tərəvəzlərdən ala bilsə də, bir çoxları tərəvələri ala bilməməkdən şikayətlənirdi. 

Bunu nəzərə alıb bazarda tərəvəzlərin qiymətinin ucuzlaşıb-ucuzlaşmaması ilə maraqlandıq. 

ABC.AZ-ın əməkdaşının apardığı araşdırmalardan məlum oldu ki, tərəvəzlərin bir ay əvvəlki qiymətlərində cüzi də olsa ucuzlaşma nzərər çarpır. Amma, ümumilikdə bazarlarda ciddi ucuzlaşma müşahidə olunmur. Belə ki, bir ay əvvəl pomidorun qiyməti 3 və ya 4 manat arasında dəyişirdisə, hazırda yerinə görə onun qiyməti 3 və ya 2 manata satılır. Məsələn, hamının "Vosmoy bazarı" kimi tanıdığı 8-ci kilometrdə yerləşən bazarda pomidor alıcılara 2-i, bəzi hallarda isə 2,50 azn-ə təklif edilir. Qiymətində ən çox ucuzlaşma lobyada qeydə alınıb. Bir ay əvvəl 5 və ya 6 manata satılan lobya indi bazarda 1,50 azn-ə satılır. Xiyarın qiymətində lobya qədər azalma müşahidə olunmasa da, adıçəkilən tərəvəz də ucuzlaşıb. 1 manata olan xiyar, indi 80 və ya 70 qəpiyə satılır. Badımcanda isə hələ ki, ucuzlaşma yoxdur. Bir ay əvvəllə müqayisədə badımcanın qiyməti olduğu kimi qalıb və 1,20 və ya 1 azn-ə satılır. Hələlik insanların gündəlik ən çox istifadə etdiyi tərəvəzlərin qiymətini nəzərinizə çatdırdıq, amma bu istiqamətdə başqa araşdırmalarımızı da mütəmadi sizə təqdim edəcəyik.

Müəllif: Elmir Murad

Bütün xəbərlər