Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş yeni Qayda əsasında müvafiq kateqoriyalardan olan 90 min nəfərə yaxın şəxsin əmək pensiyaları artırılacaq

28.06.2018,16:27


Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin də pensiyaları artırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Fərmanı ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsində növbəti addımın atılmasına imkan verib.   

Bu Qayda 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının və sair (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin) qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin yenidən hesablanması qaydasını müəyyən edir.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanuna 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərdən biri kimi, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş həmin şəxslərin əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavələrin hesablanmasında staj tələbi və əlavəni almağa hüququn yaranması ilə bağlı yeni qayda tətbiq edilməyə başlanıb.

1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş həmin şəxslərin pensiyalarına qulluq stajına görə əlavələrin hesablanmasının yeni mexanizmə uyğunlaşdırılması və əmək haqqında, təminat xərcliyində və dövlət məvacibində artımlar olduqda onların da pensiyalarını bu artımlara müvafiq artırılması təmin edilir.

Prezident İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” əsasında müvafiq kateqoriyalardan olan ümumilikdə 90 min nəfərə yaxın əmək pensiyaçısının əmək pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanaraq artırılacaq.

Edilmiş artımlar qeyd olunan şəxslərə növbəti ayın, yəni iyul ayının pensiyaları ilə birgə toplam halda ödəniləcəkdir.