Nə iş, nə də gələcəyə ümid verməyən dövlət qurumu - Ölkədə 300 min işsiz var

10:20 - 1.06.2023


1 iyun, Fineko/abc.az. Bir neçə gün əvvəl Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, Azərbaycanda 300 minə yaxın işsiz var. Təbii ki, bu rəsmi rəqəmdir.

Qeyri-rəsmini hesablamaq biraz müşkül məsələdir. Rəsminin özü də şübhəlidir, ona görə ki, əgər bu rəqəmlər Dövlət Statistika Komitəsinin hesablamaları nəticəsində ərsəyə gəlibsə inandırıcı olmaya bilər. Səbəb isə bir çox hallarda DSK-nın statistik rəqəmlərinin dəqiq olmaması ilə bağlı yerli mətbuatda zaman-zaman məlumatların yayılmasıdır.

Qeyri-dəqiq informasiyalar, şişirdilmiş rəqəmlərin dərc edilməsi qurumun yaydığı məlumatlara artıq inamsızlıq yaradıb.

Ona görə də Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin söylədiklərinin doğru olub-olmadığı da sual altındadır. Sual altında olmasını bölgələrdə işsizlərin həddən artıq çox olması da qüvvətləndirir.

İşsizlərin çox olmasının bir səbəbi bölgələrdə iş yerlərinin olmamasıdırsa, digər səbəblərindən biri də Dövlət Məşğulluq Agentliyi ilə yerlərdəki zavod, şirkət, sex, dövlət qurumları ilə əlaqələrin yaxşı qurulmaması, koordinasiyalı həyata keçirilə bilməməsidir.

Yəni, Agentlik yerlərdə, elə Bakıda da sadalananlarla əlaqələrini daha sağlam, koordinasiyalı qura bilsəydi indi nəinki ölkədə işsiz qalmazdı, hətta iş yerləri özləri Agentlikdən işçi tələb edərdi.

Məsəl üçün rayonlarda Agentliyə iş üçün müraciət edənlər ya mədəni formada "yola verilir", ya da aylarla gözlədilir.

Agentliyə müraciət edib, gözlədilənlər rayondakı sexlərə, müəssisələrə müraciət edəndə isə əslində işin olduğu məlum olur. Həmin dəqiqə aydın olur ki, əslində az da olsa iş yerləri var, sadəcə Agentlik işini layiqincə qura bilmədiyindən işsizlik də artır, quruma, həyata, gələcəyə ümidsizlik də.

Halbu ki, Agentlik işini normal qura bilsə ölkədə nəinki 300 min işsiz olar, günü-gündən iş yerləri də artar, qurumun nüfuzu da, insanların cibindəki pulu da.

Müəllif: Elmir Murad

Bütün xəbərlər