Aqrar Sığorta Fondu fermerlərə növbəti dəfə ödəniş edəcək

15:57 - 1.06.2023


1 iyun, Fineko/abc.az. Mayın 31-də Azərbaycanın müxtəlif bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları, qasırğa nəticəsində kənd təsərrüfatı sahələrinə də ciddi ziyan dəyib.

Aqrar Sığorta Fondundan ABC.AZ-a verilən məlumata görə, ötən gün baş vermiş hadisələrlə bağlı 1651 Çağrı Mərkəzinə müraciətlər hələ də daxil olmaqdadır.

Göyçay rayonunda güclü külək, fırtına xurma və alça bağlarına ziyan vurub.

Yağan intensiv yağışlar Şəmkir rayonu ərazisində arpa sahələrində subasmaya səbəb olub.

Güclü külək və yağış İsmayıllı rayonunda da ciddi fəsadlar törədib. İnfrastrukturla yanaşı, taxıl və bostan sahələrinə, meyvə bağlarına zərər dəyib.

Güclü küləyin Ağcabədi rayonunda alça bağlarına ziyan vurduğu barədə müraciət daxil olub. Cəlilabadda, Xocavənddə arpa, buğda sahələrinə dolu düşməsi, leysan yağması nəticəsində zərər dəyib.

Bölgələrdə hazırda fəsadların aradan qaldırılması və dəymiş zərərin müəyyən edilməsi istiqamətində işlər görülür.

Bütün xəbərlər