Azərbaycanda 2023-cü il üçün inflyasiya proqnozu artırılır

11:24 - 2.06.2023


2 iyun, Fineko/abc.az. Cari ilin ötən dövründə inflyasiya yüksək olaraq qalmaqda davam etmiş, yenidən baxılma zamanı təkrəqəmli inflyasiya proqnozu artırılaraq ikirəqəmli ilə əvəzlənib. 

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, aparılmış hesablamalar orta illik inflyasiyanın proqnozlaşdırılmış göstərici ətrafında olacağını deməyə əsas verib. 2023-cü ilin yanvar-aprel aylarında orta illik inflyasiya 13,5%-ə bərabər olub, istehlak səbətinin hər 3 alt qrupu üzrə ikirəqəmli qiymət artımı izlənib. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan bazis inflyasiyası orta illik qiymətləndirmədə 12,9% təşkil edib. Təqdim edilmiş məlumatlara əsasən, ilkin proqnozlar zamanı 2023-cü ildə orta illik inflyasiyanın 6,9% olacağı nəzərdə tutulsa da, yenidən baxılma zamanı bu göstəriciyə artım istiqamətində düzəlişlər edilib və 10,4% olaraq dəqiqləşdirilib ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur.

 

Bütün xəbərlər