Azərbaycan və Dünya Bankı saziş imzaladı - Məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılacaq

12:08 - 2.06.2023


2 iyun, Fineko/abc.az. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) və Dünya Bankı arasında Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması Layihəsi üçün 2 milyon ABŞ dolları dəyərində saziş imzalanıb.

Dünya Bankının Azərbaycan nümayəndəliyindən ABC.AZ-a verilən məlumata görə, layihə üç il müddətində icra olunacaq Dünya Bankının idarə etdiyi Dövlət və Sülh Quruculuğu Fondu tərəfindən maliyyələşdirilir.

Layihənin məqsədi Azərbaycanda həssas vəziyyətdə olan məcburi köçkün ailələri üçün vətəndaş fəallığını, texniki bacarıqları və gəlir əldə etmək imkanlarını artırmaqdır.

“Dünya Bankı bu yeni qrant vasitəsilə Azərbaycanda məcburi köçkün icmalarına göstərdiyi uzunmüddətli dəstəyi davam etdirməkdən çox məmnundur”, - deyə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib. “bu gün, bir çox məcburi köçkünlərin öz evlərinə qayıtma perspektivinin daha aydın olduğu şəraitdə, biz ümid edirik ki, bu qrantın icrasından əldə olunan dərslər məcburi köçkünlərin daha firavan gələcəyi naminə ehtiyac duyulan bir çox xidmətlərin gücləndirilməsinə kömək edəcək”.

Bütün xəbərlər