Gömrük Komitəsinin əl çantalarında xaricdən gətirilən malların bəyan edilməsini tələb etməsi qanunidirmi? - Ekspertdən açıqlama

14:05 - 2.06.2023


2 iyun, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi xarici ölkələrdən gələrkən hava limanlarında başqalarının mallarını ölkyə gətirənlərə xəbərdarlıq edib. Qurum xəbərdarlıqda xarici ölkələrdən gələrkən əl çantası və baqajda gətirilən malların hava limanlarında bəyan edilməsinə çağırıb, əks halda onların məsuliyyət daşımaları barədə "ultimatum" verib. Təbii ki, bu bir çoxları tərəfindən heç də yaxşı qarşılanmayıb. 

Bəs görəsən DGK-nın bu cür xəbərdarlığı qanunidirmi?

Məsələ barədə sualımızı cavablandıran ekspert Pərviz Heydərov hesab edir ki, ölkəyə daxil olan malların istər fiziki, istərsə də hüquqi şəxslər tərəfindən gətirilməsinin müvafiq qayda da qeydiyyata alınması və onun gömrük orqanı tərəfindən nəzarətə götürülməsi hardasa vacibdir. Buna baxmayaraq, burda müəyyən istisna da var.

"Amma, burada fiziki şəxslər tərəfindən, şəxsi istifadə üçün bu və ya digər malların, məhsulların gətirilməsinə heç bir maneə törədilməməlidir. Yəni, bu sahədə məhdudiyyətin yaranmasına gətirib çıxarmamalıdır. Bilirsiniz ki, indi vətəndaşlarımız onlayn qayda da "Trenyol", "Amazon" və bu kimi, bütün növ çeşidli məhsulların satışı ilə məşğul olan e-ticarət mağazaları vasitəsi ilə alış-veriş edirlər. Və bu sahədə qayda ondan ibarətdir ki, ayda 300 dollara qədər vətəndaşlarımız müvafiq məhsul sifariş eləmək ixtiyarına sahibdirlər. Əlbəttə ki, sifarişlər istər onlayn şəkildə, istərsə də məhsulun bu və ya digər formada yerindəcə alınıb gətirilməsi ölkə iqtisadiyyatının inkişafı üçün nəinki heç bir töfhə vermir, əslində bu müvafiq maliyyə resursunun ölkədən kənara axması ilə də nəticələnir. Və ona görə də hər hansı bir fiziki şəxs, yəni azərbaycanlı istehlakçı pulunu, qazancını xarici mala verərək ölkəyə gətirirsə o zaman bu, həmin ölkənin iqtisadiyyatına, o ölkənin istehsalçısına dəyər vermiş demək olur. Və həmin o məbləğ müvafiq məhsul əldə olunmasına sərf olunur, ona görə də bu barədə müvafiq qurumların, yəni Gömrük orqanları tərəfindən hər hansı bir məhdudiyyətlərin tətbiqi hardasa başa düşüləndir. Amma, bu zaman istehlakçıların maraqları mümkün qədər qorunub saxlanmalıdır", - deyə ekspert bildirib.

Müəllif: Elmir Murad