Çinin Kunmin şəhərində Azərbaycana həsr edilən klassik musiqi konserti təşkil olunub

29.06.2018,10:22


29 iyun, Fineko/abc.az. Çinin Yunnan vilayətinin inzibati mərkəzi olan Kunmin şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100-cü ildönümü münasibətilə konsert təşkil edilib.

Ölkəmizin Çindəki Səfirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər silsiləsindən olan konsert Kunmin İncəsənət Kollecinin dəstəyi ilə baş tutub.

Konsertdən əvvəl çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı 100 il əvvəl müsəlman Şərqində qurulan ilk demokratik respublikanın qısa ömür sürməsinə baxmayaraq, bir çox sahələrdə böyük nailiyyətlər əldə etdiyini deyib. Xalq Cümhuriyyətinin dünyanın əksər dövlətlərindən öncə qadınlara seçmək və seçilmək hüququnu verdiyini diqqətə çatdıran səfir, Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra dövlətlərlə diplomatik əlaqələr qurduğunu, Versal Sülh Konfransı tərəfindən de-fakto tanındığını bildirib.

Müasir Azərbaycan Respublikasının həmin demokratik respublikanın varisi olduğunu qeyd edən səfir Ə.Zeynallı, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın çox sürətlə inkişaf edən və beynəlxalq məkanda öz nüfuzunu gücləndirən bir dövlətə çevrildiyini deyib.

Bildirilib ki, Azərbaycan Çin ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, bu çərçivədə əlaqələrin genişləndirilməsində maraqlıdır. “Bir kəmər, bir yol” təşəbbüsü iqtisadi sahə ilə yanaşı, bu qurşaq üzərində yerləşən ölkələrə humanitar sahədə əməkdaşlıq üçün geniş imkanlar yaradıb.

Ə.Zeynallı Kunmin şəhərində təşkil olunan bu konsertin Azərbaycan və Çinin humanitar sahədə əməkdaşlığının ən gözəl nümunəsi kimi səciyyələndirib.

Sonra səhnə Azərbaycanın Əməkdar Artisti, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə Kunmin Filarmonik Orkestrinin ixtiyarına verilib.

Konsertdə Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin (“Koroğlu” operasından üvertura), Qara Qarayevin (“Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən, “Don Kixot” simfonik qravüralarından hissələr), Fikrət Əmirovun (“Azərbaycan kapriççiosu”) əsərləri ilə yanaşı, Çin bəstəkarlarından Lu Çimin, Van Silin və digərlərinin əsərləri ifa olunub.

Kunmin Filarmonik Orkestrinin üzvü Samir Əsədov görkəmli bəstəkar Asəf Zeynallının skripka üçün “Muğamsayağı” əsərini solo ifa edib. Kunmin Böyük Teatrında təşkil olunan konsert Belarusdan olan solist Aleksey Şaşolkanın SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin məşhur “Baharlı yurdum - Azərbaycan” mahnısını oxuması ilə başa çatıb.

Tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunan konsertə baxanlar arasında Yunnan vilayəti və Kunmin şəhəri hökumətinin rəsmiləri də olub.

Qeyd edək ki, Kunmin Filarmonik Orkestri 2017-ci ildə Kunmindəki İncəsənət Kollecinin nəzdində yaradılıb. Orkestr Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Bosniya və Herseqovina, Ekvador da daxil olmaqla 11 ölkənin peşəkar musiqiçilərindən ibarətdir.