Dövlət Miqrasiya Xidməti və Caspian European Club əməkdaşlığı genişləndirir

13:39 - 29.06.2018


Dövlət Miqrasiya Xidmətinin rəisi  Vüsal Hüseynov sıralarında dünyanın 70 ölkəsinin beş mindən artıq şirkət və qurumunu birləşdirən regional təşkilat olan “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə Klubun idarə heyətinin üzvlərini qəbul edib.

Görüşün məqsədi işgüzar dairələrin təmsilçiləri ilə fikir mübadiləsi aparmaq və miqrasiya ilə bağlı təkliflərini dinləməkdi.

  V.Hüseynov təşkilatın təmsilçiləri ilə Dövlət Miqrasiya Xidməti arasında keçirilən görüşlərdə, biznes forumlarda səmərəli müzakirələrin aparıldığını və əməkdaşlıq əlaqələrinin formalaşdığını vurğulayıb. Biznes mühitinin inkişafına  dəstək olmaq DMX-nin prioritetlərindən biridir deyən Xidmət rəisi əlavə edib ki, ölkəmizdə biznes və investisiya mühitinin  yaxşılaşdırılması üçün islahatların aparılması baxımından verilmiş təkliflər ətraflı təhlil olunur və nəzərə alınır. Bu baxımdan Caspian European Clubun təkliflərinin öyrənilməsi də önəm daşıyır və fikir mübadiləsi aparmaq baxımından bu günkü görüşün çox böyük əhəmiyyəti var. Bildirib ki, turizm sektorunda yüksəliş dövrünü yaşayan ölkəmizdə turistlərə viza tələbləri mütəmadi olaraq  sadələşdirilir. V.Hüseynov ölkəmizdə bu sektorun inkişafı üçün həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi, əcnəbilərin rahatlıqlarının və miqrasiya ilə bağlı şəffaflığın təmin edilməsi baxımından qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə görülən işlərə də toxunub.

Caspian European Clubun üzvləri qarşılıqlı fəaliyyət və səmərəli müzakirələr barədə təkliflərini səsləndirib, Telman Əliyev və başqaları “Caspian European Club” ilə əməkdaşlığa və göstərilən diqqətə görə Dövlət Miqrasiya Xidmətinə öz minnətdarlığını bildiriblər.

Görüşün yekununda daimi işçi qrupun yaradılması barədə razılıq əldə olunub. Həmin işçi qrup çərçivəsində Caspian European Club, Caspian American Club və Caspian European Club-un üzv şirkətlərinin miqrasiya məslələri ilə bağlı bütün problemləri, xahiş və təklifləri müzakirə ediləcək.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat iki il ərzində “Caspian European Club”un İdarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik olaraq “Caspian American Club” və “Caspian Asian Club”un üzvü, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olan isə “Caspian European Club”un üzvü hesab olunurlar. “Caspian European Club”un sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

Bütün xəbərlər