Dövlət Xidməti MTK-lara xəbərdarlıq edib

11:31 - 8.06.2023


8 iyun, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativlərinə (MTK) xəbərdarlıq edib.

ABC.AZ Dövlət Xidmətinə istinadən xəbər verir ki, qurumda yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb edilməsi barədə çoxsaylı vətəndaş müraciətlərinə baxılıb.

Araşdırmalar zamanı MTK-larla alıcılar arasında bağlanmış müqavilələrdə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin mövcud olduğu aşkarlanıb. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərdə quraşdırılacaq su, elektrik və qaz sayğaclarına görə MTK-lar tərəfindən mülkiyyətçilərdən əlavə ödənişlərin tələb edilməsi halları müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçılar arasında bağlanmış müqavilələrə əsasən sayğacların təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilir. Bu zaman üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin iştirakı nəzərdə tutulmayıb.

Bütün xəbərlər