Əzəmətli Peterburq, Pskovun tarixi yerləri və xalqları birləşdirən "Dialoq Kultura" Forumu - Fotolar

15:08 - 8.06.2023


8 iyun, Fineko/abc.az. Artıq Rusiyada keçirilən və ənənəyə çevrilən "Dialoq Kultura" forumu bu dəfə də çox möhtəşəm və yadda qalan oldu. Forumun Rusiyanın tarixi və ən əzəmətli şəhərlərindən biri olan Sankt-Peterburqda keçirilməsi iştirakçılara, həm forumdan, həm də şəhərdəki muzeylərdən zövq almağa şərait yaradırdı. Peterburq həmişə mənim ən çox səfər etmək istədiyim şəhərlərdən biri olub. Ona görə də dəvət gələndə düşünmədən qəbul etdim. Bakıda olarkən artıq Peterburqla bağlı böyük təsəvvürüm formalaşmışdı. Şəhərin əzəmətli binalarını, tarixi muzeylərini, səliqəli küçələrini, uzun çaylarını, körpülərini Azərbaycanda olarkən artıq xəyalən olsa da təsəvvür edir, oranın füsunkar yerlərini beynimdə canlandırırdım. Nə təsəvvür etmişdimsə hamısını canlı gördüm. Peterburqun hava limanına düşər-düşməz artıq təsəvvürlərimin heç də boş olmadığının fərqinə vardım. Şəhərin girişindən içərilərinə doğru getdikcə, elə bilirdim nağıllar aləminə düşmüşəm. Şəhərdəki binaların tarixiliyi Peterburqun hələ orta əsrlər dövründən Avropanın mədəniyyət ocağı olduğunu sübut edirdi. Şəhərdəki binaların müasir dövrümüzdə də öz tarixiliyini, üslubunu qoruyub saxlaması həqiqətən də könül oxşayan məqamdır. Forumun Peterburqda keçirilməsi təbii ki, bir iştirakçı kimi məni sevindirməyə bilməz. Hətta deyərdim ki, belə forumlar elə daim Peterburqda keçirilməlidir. Məhz forumun orda keçirilməsi iştirakçılara da, Rusiyanın tarixi şəhəri barədə müfəssəl məlumatlara sahib olmağa imkan yaradır. Forum ilk günündən sonuna qədər bizim həm Rusiya, həm MDB ölkələri barədə daha dolğun məlumatlar almağımıza şərait yaratmış oldu. Çıxış edənlər Rusiyanın regiondakı mövqeyini, stabillik üçün daim səy göstərdiyini, MDB ölkələri ilə əlaqə üçün xüsusi çaba sərf etdiyini vurğuladı. Deyilənlər təkcə sözdə qalmadı. Elə "Ermitaj" muzeyindəki forumda müxtəlif ölkələrdən gələn iştirakçıların hazırladlğı süjetlərdə də bu aydın şəkildə sübut edildi. Məsələn, Peterburq Universitetində tədris edilən MDB xalqları dillərinin zənginliyi nümayiş olundu. Sözügedən fakültədə təhsil alan rusiyalı tələbələr MDB xalqlarının dillərində hər kəsi salamlayaraq bu dillərə Rusiyada da maraq olduğunu, təkcə rus dilinin təbliği yox, elə bu dillərin də kütləvi formada təbliğ ediliyini göstərmiş oldular. İştirakçılara həmin xalqların adətlərini, mədəniyyətlərini göstərən forum təşkilatçıları bir daha Rusiyanın tolerant ölkə və dialoqa can atdığını sübut etmiş oldu. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan sözügedən nümayişi hər kəsin zövqünü oxşadı. Forum bununla kifyətlənmədi. Forumun növbəti günündə jurnalistlər sürət qatarı ilə müvafiq olaraq digər şəhərlərə və orada seçdikləri qəhrəmanlardan reportaj hazırlamağa yollandı. Mən də öz növbəmdə Pskova yola düşdüm. Sözügedən şəhər də gözəlliyinə, füsunkarlığına görə heç də Peterburqdan geri qalmır. Bu şəhər də demək olar ki, tamamilə çaylarla, körpülərlə əhatə olunub. Şəhərdə ən maraqlı və diqqətçəkən məqamlardan biri burada monastrların, tarixi qalaların çoxluğudur. Getdiyimiz əsas küçələrdə, demək olar ki, hər prospektdə monastrların olması bəhs olunan şəhərin qədimiliyindən xəbər verirdi. Sevindirici hal isə ondan ibarətdir ki, monastrlarda tarixi agənglik əsrlər keçsə də qorunub saxlanıb. Pskovda maraqlı yerlərdən biri də burada Rusiyanın tanınmış şairi Aleksandr Puşkinin Ev Muzeyinin olmasıdır. Ev Muzeyində Puşkinə məxsus əşyalar, onun özünün və həyat yoldaşının boya ilə çəkilmiş rəsmləri, Puşkinin əlyazmaları, hətta onun yemək yediyi qab-qacaqlar da saxlanılır. Həmçinin şəhərdə Puşkinin həyat və yaradıcılığının araşdırmasını aparan institut da yerləşir. Pskova səfərimiz zamanı, həmin institutda da olduq və Puşkin haqqında mərkəzin nümayəndələrindən maraqlı faktlar eşitdik. Elə Puşkinin Ev Muzeyinin də instituta yaxın ərazidə yerləşməsi bura gələnlərin hər iki məkana baş çəkməsi baxımından faydalıdır. Məsələn, instituta gələnlər Ev Muzeyinə də gələrək burada Puşkinin həyat və yaradıcılığını öyrənmiş olurlar. Burada, həm də Rusiyanın adətləri, qədimi vaxtlarda rus xalqının yaşayış tərzi, ənənələri nümayiş olunur. Pskova səfər mənim üçün təkcə, gəzmək, tarixi yerləri görməkdən ibarət olmadı, həm də Rusiyanı canlı kəşf etmiş oldum. Məncə, Rusiyanı, onun şəhərlərini, tarixi yerlərinə hər kəs mütləq baş çəkməlidir. Hətta deyə bilərəm ki, Rusiya ölmədən öncə səfər edəcəyiniz yerlərdən biri və birincisidir.

Müəllif: Elmir Murad


Bütün xəbərlər