İyulun 1-dən Azərbaycan Vergilər Nazirliyinin aparatında rəsmi vəzifələrin bölgüsü tətbiq ediləcək

17:47 - 29.06.2018


29 iyun, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyət göstərəcək.

Nazirliyin məlumatında deyilir ki,  Vergilər nazirinin əmri ilə nazirliyin struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin bölgüsündə də dəyişikliklər edilib.

“İyulun 1-dən qurumun aparatı yanına  sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti (Katiblik), Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi fəaliyyət göstərəcək”, - deyə məlumatda bildirilir.

Məlumatda deyilir ki,  aparılan islahatlar çərçivəsində digər struktur bölmələrin də funksional vəzifələrinin optimallaşdırılması həyata keçirilib.

“Vergi sistemində aparılan struktur islahatlarının əsas məqsədi  vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsidir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər