BTQ çərçivəsində Azərbaycan ilə Türkiyə arasında gömrük məlumatlarının mübadiləsi elektron şəkildə həyata keçiriləcək

19:50 - 29.06.2018


29 iyun, Fineko/abc.az. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Azərbaycan ilə Türkiyə arasında gömrük məlumatlarının mübadiləsi elektron şəkildə həyata keçiriləcək. Bu barədə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclasında deyilib.

İki ölkə arasında gömrük məlumatlarının mübadiləsinin gələcəkdə hava vasitəsilə daşınan mallara da tətbiq edilməsi üzrə danışıqların başlanması barədə razılıq əldə olunub. Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində məlumatların elektron şəkildə mübadilə edilməsini də qərara alıblar.

İclasda Azərbaycan Gömrük Xidmətində informasiya texnologiyaları sahəsində və innovasiya layihələrinin tətbiqi və idarə olunması üzrə əldə olunmuş nailiyyətlər nəzərə alınaraq, Türkiyə gömrük orqanlarının müvafiq əməkdaşları üçün seminarların keçirilməsi və digər məsələlər barədə razılıq əldə edilib. Birgə komitənin üçüncü iclasının isə gələn il Bakı şəhərində keçirilməsi razılaşdırılıb.

İclasın sonunda Birgə Komitənin ikinci iclasının protokolu imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Türkiyə tərəfindən isə Gömrük və Ticarət Nazirliyinin müşaviri Cenap Aşcı imzalayıb.

Bütün xəbərlər