Azərbaycanın maliyyə naziri Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısında iştirak edəcək

13:33 - 30.06.2018


30 iyun, Fineko/abc.az.  30 iyun-1 iyul 2018-ci il tarixlərində Rusiyanın Soçi şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 20-ci İllik Toplantısı keçiriləcək. İllik Toplantıda Azərbaycanı bankın Rəhbərlər Şurasının üzvü, maliyyə naziri Samir Şərifov təmsil edəcək.

Toplantıda Rəhbərlər Şurası tərəfindən Bankın fəaliyyəti qiymətləndirilərək 2017-ci il üzrə maliyyə hesabatları təsdiq ediləcək, habelə xalis gəlirin istifadəsinə dair qərar qəbul ediləcək.

Rəhbərlər Şurasının iclasında 2015-2018-ci illəri əhatə edən ölkə strategiyalarının nəticələri, üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi kimi məsələlər də diqqət mərkəzində olacaq.

Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılmışdır. Azərbaycan Respublikasını Bankın Rəhbərlər Şurasında maliyyə naziri Samir Şərifov təmsil edir. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xəttlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.

Bütün xəbərlər