Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib

14:02 - 30.06.2018


30 iyun, Fineko/abc.az.  Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Əfqan İsayev bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard ABŞ dolları təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri sisteminin Genişləndirilməsi (CQBKG), TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. Bu gündən “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb, 2020-ci ilədək isə Avropaya çatdırılması nəzərdə tutulur.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizdən çoxu icra edilib.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il fevralın 25-də imzaladığı Sərəncam əsasında yaradılıb və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Bütün xəbərlər