Bakı şəhərətrafı dəmir yolu xəttinin elektrik təchizatı sistemi yenilənir

11:21 - 2.07.2018


2 iyul, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı şəhərətrafı dəmir yolu xəttinin elektrik təchizatı sisteminin əsaslı təmirini həyata keçirir.

ADY-in məlumatında deyilir ki, mövcud dəmir yolu xətlərinin yenidən qurulması və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılmasına başlanılıb.

“Hazırda bir sıra istiqamətdə işlər aparılır. Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sisteminin əsaslı təmirini İnfrastruktur Departamentinin Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir. Böyük Şor stansiyasının kontakt şəbəkəsi yenidən qurularaq əsaslı təmir olunub, 28 ədəd dəmir- beton dayaq yenisi ilə əvəzlənib və kontakt şəbəkəsi həmin dayaqlara köçürülüb. Bununla yanaşı, uzunluğu 30 m olan 4 ədəd rigel quraşdırılıb və kontakt şəbəkəsi bu rigellərin üzərinə köçürülərək nizamlanıb”, - məlumatda belə deyilir.

Qeyd edilir ki, hazırda stansiyada işlər davam etdirilir.

 

Bütün xəbərlər